Şərq Tərəfdaşlığı nədir?

Şərq Tərəfdaşlığı Avropa İttifaqının Azərbaycanla, Belarusla, Gürcüstanla, Ermənistanla, Moldova və Ukrayna ilə münasibətlərini bir çərçivə daxilində tənzimləyən təşəbbüsdür.

Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığının hər ölkəsi arasında əməkdaşlıq bir çox formada həyata keçirilərək, sosial-iqtisadi inkişafa dair genişçeşidli layihələrin və proqramların icra olunmasını, assosiasiya proseslərinin (Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığının hər bir ölkəsi arasında ayrılıqda imzalanmış formal sazişlərin) yerinə yetirilməsini, viza siyasətinin liberallaşdırılması və azad ticarət zonalarının yaradılması üzrə danışıqların aparılmasını nəzərdə tutur.

Şərq Tərəfdaşlığının hər bir ölkəsi Avropa İttifaqı ilə bu cür əməkdaşlığın və ya “assosiasiyanın” müxtəlif mərhələsindədir. Məsələn, 2014-cü ildə Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqı ilə ayrılıqda Assosiasiya Sazişləri imzalamışdır. Həmin il Moldova viza siyasətinin liberallaşdırılmasından faydalanmış ŞərqTərəfdaşlığının ilk ölkəsi idi ki, bu da Moldova vətəndaşlarının əvvəlcədən viza üçün müraciət etmək zərurəti yaranmadan Şengen ölkələrinə (90 günədək qalmaq şərti ilə) səyahət etmələrini nəzərdə tutur.

İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinə dair “Qabaqcıl Təşəbbüs” Avropa İttifaqının Şərq Tərəfdaşlığına aid fəaliyyətinin prioritet sahəsi hesab olunur və Şərq Tərəfdaşlığı ölkələri üçün İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi üzrə potensialların yaradılması layihəsi İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinə dair “Qabaqcıl Təşəbbüs”dən irəli gələn əsas layihələrdən biridir.

Şərq Tərəfdaşlığının hər bir ölkəsi İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinin tətbiq edilməsi prosesinin müxtəlif mərhələsindədir – bu proses İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi üzrə milli strategiyanın və fəaliyyət planının işlənib hazırlanmasını nəzərdə tutur. Düzgün sərhəd idarəçiliyinə aid təcrübə ilə insanların yerdəyişmələri arasında aşkar əlaqə mövcud olduğundan Avropa İttifaqı İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi sahəsində digər fəaliyyətlərlə yanaşı viza siyasətinin liberallaşdırılmasını bir şərt və ilkin tələb kimi irəli sürərək müəyyən nailiyyətlər əldə etmişdir.

Avropa İttifaqının ardıcıl genişlənməsi Şərq Tərəfdaşlığı ölkələrini coğrafi nöqteyi-nəzərdən İttifaqa daha da yaxın etmişdir. Bununla əlaqədar olaraq həm Avropa İttifaqının, həm də Şərq Tərəfdaşlığı ölkələrinin təhlükəsizliyi, stabilliyi və firəvanlığı arasındakı qarşılıqlı əlaqə getdikcə güclənməkdədir. 2009-cu il mayın 7-də Praqa şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı region ilə münsaibətlərin gücləndirilməsinə dair konkret təklifləri irəli sürən birgə bəyanat verməklə Şərq Tərəfdaşlığı Avropa İttifaqı tərəfindən rəsmən təqdim olunmuşdur. Şərq Tərəfdaşlığı çərçivəsində irəli sürülən bütün təşəbbüslərin əsasını Avropa İttifaqının standartlarına və təcrübəsinə “yaxınlaşma” ideyası təşkil edir.

Avropa İttifaqının ŞərqTərəfdaşlığına dair rəsmi sənədinin layihəsi bunları bəyan edir: “Demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına hörmətlə yanaşmaya dair dəyərlər mübadiləsi, həmçinin bazar iqtisadiyyatına, dayanıqlı inkişafa və yaxşı idarəçiliyə aid prinsiplər bu Tərəfdaşlığın özəyini təşkil edəcəklər.”