Şərq Tərəfdaşlığı ölkələri üçün İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi üzrə potensialların yaradılması layihəsi

İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi Avropa İttifaqı tərəfindən öz xarici sərhədlərinin idarə edilməsi məqsədi ilə qəbul olunmuş və Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) üçün tövsiyə olunan sərhəd idarəçiliyi modelidir.

Şərq Tərəfdaşlığı ölkələri üçün İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyi üzrə potensialların yaradılması layihəsi Şərq Tərəfdaşlığı ölkələri üçün İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinə dair Qabaqcıl Təşəbbüsün bir hissəsi olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Bu layihə İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinin Şərq Tərəfdaşlığına üzv olan altı ölkənin dövlət sərhədlərində Avropanın ən yaxşı təcrübəsinə uyğun tətbiq edilməsi prosesini dəstəkləyir. 2014-2017-ci illərdə həyata keçiriləcək layihə Şərq Tərəfdaşlığının hər bir ölkəsində sərhəd idarəçiliyi məsələləri ilə məşğul olan dövlət orqanlarının, məsələn, sərhəd və gömrük xidmətlərinin qismində layihədən bilavasitə faydalanan tərəflərin müvafiq potensiallarının yaradılmasına və təlim imkanlarının artırılmasına yönəldiləcək. Bunun nəticəsində təkmilləşdirilmiş sərhəd idarəçiliyi prosedurlarından birbaşa yararlanacaq tərəflər dövlət sərhədlərindən keçən səyahətçilərdən və kommersiya strukturlarından, həmçinin xüsusi müdafiəyə ehtiyacı olan şəxslərdən, o cümlədən, sığınacaq axtaranlardan, insan alverinin potensial qurbanlarından və müşayiət olunmayan azyaşlılardan ibarətdir.

Bu nöqteyi-nəzərdən layihənin ümumi məqsədi insanların və malların Şərq Tərəfdaşlığına üzv olan altı ölkənin dövlət sərhədlərindən keçməsi prosesini asanlaşdırmaqdan və eyni zamanda, milli, transsərhəd və beynəlxalq səviyyələrdə əməkdaşlığın səviyyəsini artırmaqla sərhədlərin təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Layihənin konkret məqsədləri bunlardır:

  • Layihədən faydalanan altı ölkədə Avropa İttifaqının ən yaxşı təcrübəsinə uyğun müasir təlim sisteminin yaradılması işinə töhfə vermək;
  • Layihədən faydalanan dövlət orqanları tərəfindən müəyyən edilmiş ehtiyacları əsas götürərək konkret sahələr üzrə müvafiq potensialların yaradılmasına dair ölkə yönümlü əməli və konkret tədbirləri həyata keçirməklə əməliyyat potensiallarını artırmaq;
  • Sərhəd-keçid prosedurlarının ticarətçilər, yükdaşıyanlar və sərnişinlər üçün təkmilləşdirilməsi işini dəstəkləmək;
  • Şərq Tərəfdaşlığına üzv olan altı ölkədə korrupsiyaya qarşı mübarizəyə dəstək vermək;
  • Dövlət sərhədlərindən keçən insanların hüquqlarına hörmətlə yanaşma işinin təkmilləşdirilməsinə dəstək vermək;
  • Münsaib olduqda viza siyasətinin liberallaşdırılması prosesinin maneəsiz həyata keçirilməsinə töhfə vermək.

Layihə Ümumdünya Gömrük Təşkilatı (ÜGT), Beynəlxalq Miqrasiya Təşkilatı ilə (BMqT) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə (MSİBM) əməkdaşlıq şəraitində Avropa İttifaqı Üzv Dövlətlərinin Xarici Sərhədlərində Əməliyyat Əməkdaşlığının İdarə olunması üzrə Avropa Agentliyi (“Frontex” Agentliyi) tərəfindən həyata keçirilir. İlk dəfə olaraq “Frontex” Agentliyi texniki yardım layihəsini (Avropa İttifaqına üzv olmayan) üçüncü ölkədə həyata keçirir.